SİYASƏT
Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi qərarı Moskvadakı erməni lobbisinin növbəti fitnəsidir
İstanbul, 19 may, АZƏRTAC
Rusiyada bəzi dövlət qurumlarının erməni lobbisinin təsiri altına düşməsi bu ölkənin nüfuzuna kölgə salır.
Bu fikri Türkiyədə fəaliyyət göstərən Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin sədri, BMT-nin sülh səfiri, professor Əflatun Nemətzadə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərarla bağlı AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
O bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan-Rusiya münasibətlərinin inkişafına həmişə böyük önəm verib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində böyük nailiyyətlər əldə olunub. Məhz bu məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanda yaşayan və ölkəmizə səfərə gələn ruslar həmişə burada özlərini rahat və təhlükəsiz hiss edirlər. Rusların Azərbaycanda öz ana dilində təhsil almaları, milli adət-ənənələrini yaşatmaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb.
Əflatun Nemətzadə bildirib ki, hələ sovet dövründə Rusiyadakı erməni lobbiçiləri azərbaycanlılara qarşı fitnə-fəsadlar törədirdilər. Xeyirxah, sülhməramlı missiya həyata keçirən ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar Moskvadakı erməni lobbisinin növbəti fitnəsidir. O əmin olduğunu bildirib ki, Rusiya rəhbərliyi, eləcə də ölkənin geniş ictimaiyyəti bu qərara biganə qalmayacaq. Rusiya-Azərbaycan münasibətləri çox qədim köklərə malikdir. Bu münasibətlərə kölgə salmaq cəhdlərinə imkan verilməməlidir. Rusiyanın sülhsevər qüvvələri yaxşı başa düşürlər ki, hər iki dost ölkənin imicinə zərər gətirən proseslərə qətiyyən yol vermək olmaz.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul