REGİONLAR
“Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans VİDEO
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşəbbüsü ilə noyabrın 14-də Tərtərdə “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyəti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə reallaşan konfrans həm Qarabağda, həm də digər bölgələrimizdə mövcud olmuş xalq oyun və meydan tamaşalarını ümumtürk kontekstində öyrənən və araşdıran elm adamlarının bir araya gətirib.
Konfrans iştirakçıları əvvəlcə xalq oyunları, adət-ənənələrimizlə tanış olublar. Yun əyirən, yuxa yayan, kətə bişirən analarla görüşüb, pəhləvanın çıxışlarını izləyib, maral, dirədöymə, ənzəli oyunlarına, “Hakışta” yallı rəqsinə baxıblar. Aşıqların, söz ustalarının çıxışları iştirakçılarda xoş ovqat yaradıb.
Konfransın açılışında çıxış edən AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev folklor və mədəniyyət beşiyi olan Qarabağ bölgəsinin 20 ildir ki, işğal altında qalmasından, bu bölgənin maddi-mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən məhv edilməsindən danışıblar. Natiqlər Qarabağ bölgəsinin folklor nümunələrinin toplanmasının və konfransın keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, Ermənistanın işğalçı siyasəti nəticəsində Qarabağda yüz illər boyu formalaşmış folklor mühiti də məhv olmaq təhlükəsi ilə üzləşib. Lakin bütün çətinliklərə baxmayaraq, məcburi köçkünlər folklorumuzu, mənəvi mədəniyyətimizi yaddaşlarında yaşadırlar.
Qeyd olunub ki, mövzunun aktuallığını nəzərə alaraq Folklor İnstitutunun əməkdaşları məcburi köçkünlərin məskunlaşdığı yerlərə ezam olunub, toplanmış folklor nümunələrindən ibarət 9 cildlik “Qarabağ: folklor da bir tarixdir” toplusu çap edilib. 2012-ci ildə Bakıda, 2013-cü ildə isə Ağcabədi şəhərində “Qarabağ folkloru: problemlər, perspektivlər” mövzusunda elmi konfranslar keçirilib.
Dörd bölmə üzrə davam etdirilən konfransda “Ümumtürk kontekstində xalq oyun və meydan tamaşalarının müqayisəsi”, “Qarabağda tarixən mövcud olmuş xalq oyunları və meydan tamaşaları”, “Uşaq oyunları”, “Xalq oyunlarından və meydan tamaşalarından teatr səhnələrində, televiziyada istifadə yolları”, “Kompyuterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları” və digər mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb.