İQTİSADİYYAT
“Unibank” “Dalğıc” şirkətinə 1,5 milyon dollar kredit ayırdı
Bakı, 4 sentyabr, AZƏRTAC
“Unibank” “Dalğıc” şirkətinə 1,5 milyon dollar kredit ayırdı.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bank tərəfindən neft xidmətləri şirkəti "Dalğıc" MMC-yə 1.500.000 ABŞ dolları həcmində kredit verilib. Kredit bankın bu il açılmış və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xidmət göstərən ən böyük biznes filialı - “Unibank-Biznes Mərkəzi” filialında ayrılıb.
Bildirilib ki, "Dalğıc" MMC bankın ən böyük korporativ müştərilərindəndir. “Dalğıc” öz fəaliyyətinə 1996-cı ildən başlayıb və şirkətinin əsas fəaliyyəti Xəzərdə icra olunan dalğıc işləri, 60 metrədək dərinlikdə sualtı-texniki işlər, 1000 metrə qədər dərinliklərdə isə HSA (heyətsiz sualtı aparat) sistemini istifadə etməkdir. “Dalğıc” fərdi firması bu sahədə fəaliyyət göstərən yeganə milli Azərbaycan şirkətidir.
Xatırladaq ki, ötən ilin avqustunda “Unibank” və Avropa Yenidənqurma və İnkişaf Bankı "Dalğıc" şirkətinə 10 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu layihə AYİB-in Azərbaycanda yerli banklarla birgə maliyyələşdirdiyi layihələrin arasında ən böyüyüdür.