İQTİSADİYYAT
“Unibank Mobile” MDB məkanında ən mükəmməl mobil əlavələrdən biri adlandırılıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Deloitte & Touche LLC şirkəti “Unibank Mobile”ni MDB məkanında ən mükəmməl mobil əlavələrdən biri adlandırıb.
“Unibank”dan AZƏRTAC-a verilən məlumata görə, Deloitte & Touche LLC şirkəti 2016-cı il üçün MDB banklarının mobil əlavələrinin araşdırılması ilə bağlı nəticəni açıqlayıb. Araşdırmanın nəticəsində Azərbaycan bank sektorunda öz çox imkanlı və unikal xidmətləri ilə seçilən “Unibank Mobile”, MDB məkanında ən yaxşı mobil əlavələrdən biri hesab olunub. Deloitte şirkətinin bir sıra MDB ölkələrində yerləşən ofislərində aparılan yerli mobil əlavələrinin ekspress analizi nəticəsində, Azərbaycan bank sistemində ən qabaqcıl mobil banking xidmətinin məhz “Unibank”ın mobil banking sistemi olduğu qərarına gəlinib.
“Deloitte”nin araşdırmada “Unibank Mobile”a qoşulmanın bir neçə üsulunun olması, ödənişlərdə çox variantlılıq, bir çox məhsulların, xidmətlərin banka getmədən sifarişi, istifadəsi üçün müştəriyə seçim imkanlarının yaradılması və digər imkanlar bu mobil əlavənin bazardakı digər banking xidmətlərindən üstünlüyü kimi qeyd olunur.