ELM VƏ TƏHSİL
Universitetdə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir təşkil olunub
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 2017-ci il 11 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Texniki Universitetində “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, professor və müəllimlərin, tələbələrin qatıldıqları tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov çıxış edib. B. Xəlilov qeyd edib ki, dövlət qulluğu sahəsində Mərkəzin üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən biri də dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.
Dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən B. Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumların dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə respublikamızda olduqlarını diqqətə çatdırıb.
Tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən DİM-in hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı Mərkəzin funksiyaları barədə məlumat verib.
“Azərbaycanda dövlət qulluğu islahatlarının davam etdirilməsinə dəstək layihəsi”nin rezident Tvinninq müşaviri Edvardas Jukauskas layihə və Litva Respublikasının dövlət qulluğu sistemindən bəhs edib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet təqdim olunub.