ELM VƏ TƏHSİL
Universitetdə Dünya Mülki Müdafiə Gününə həsr olunan maarifləndirmə tədbiri
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 1 mart – Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə qoşunlarının Mülki Müdafiə İdarəsinin rəisi, polkovnik Qüdrət Ağayev Dünya Mülki Müdafiə Gününə həsr olunan tədbirin tələbələri maarifləndirmək məqsədilə keçirildiyini söyləyib.
Q.Ağayev fövqəladə hallar zamanı baş vermiş hadisələr, bu hallardan çıxış yolu tapmaq üçün lazımi qaydalar barədə ümumi məlumat verib.
Daha sonra Mərkəzi Mülki Müdafiə Kurslarının rəisi, polkovnik Asif Qəribovun “Mülki müdafiənin təşkili və mülki müdafiə sahəsində əhalinin hazırlanması” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi FHN-in əhalinin fövqəladə hallardan qorunması fəaliyyəti və mülki müdafiə sahəsində fəaliyyəti, mülki müdafiənin məqsədi, təşkili prinsipləri, mülki müdafiə sahəsində dövlətin və hüquqi şəxslərin vəzifələri, vətəndaşın hüquq və vəzifələrindən söz açıb.
Tədbirdə FHN-in tərkibində fəaliyyət göstərən qurumlar, nazirliyin fəaliyyəti, keçirilən təlimlərindən bəhs edən videoçarx nümayiş olunub.
Sonra mərkəzi laboratoriya avadanlıq və texnikaları, dəri mühafizə vasitələri, zəhərləyici maddələrdən qorunma vasitələri barədə məlumat verilib.