ELM VƏ TƏHSİL
Universitetdə III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı olub
Bakı, 20 aprel, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun və “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsinin elmi təqdimatı keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirin məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik Bakı prosesi, o cümlədən mədəniyyətlərarası dialoq və multikulturalizmin tədqiqat predmetlərindən birinə çevrilməsi, bu sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanmasından ibarətdir.
Tədbirdə BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov universitetin əvvəlki forumlarda fəal iştirakı, belə tədbirlərə bu ali məktəbin mütəxəssislərinin il boyu qatılması, respublikada ilk dəfə BSU-nun nəzdində fəaliyyətə başlayan multikulturalizm kafedrasının layihələri barədə geniş söhbət açıb.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdirləri Vasif Eyvazzadə və Asif Usubəliyev Azərbaycanda keçiriləcək III Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun ölkə üçün əhəmiyyətindən danışıblar. BSU-da bir sıra rəsmi qonaqların görüşlər keçirəcəyi barədə məlumat verilib. Eyni zamanda, regionda Azərbaycanın siyasi statusu, habelə ölkənin mədəniyyətlərarası dialoqlara qoşulmasının əhəmiyyəti qeyd edilib. Son illər mədəniyyətimizin xaricdə təbliğ olunmasında böyük işlər görüldüyünü söyləyən nazirliyin rəsmiləri milli və müasir mədəniyyət siyasətinin həyata keçirilməsinin daim diqqət mərkəzində olduğunu vurğulayıblar.
Qeyd edək ki, məqalə-ideya müsabiqəsinə təqdim olunan məqalələr mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi, ölkəmizin bir sıra aparıcı elm və ali təhsil müəssisələrinin rəhbərlərinin təmsil olunduğu komissiya tərəfindən qiymətləndiriləcək.