ELM VƏ TƏHSİL
BDU-nun İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri tələbələrlə görüşüblər
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Bakı Dövlət Universitetinin (BDU) İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri, QHT, media və ictimaiyyət nümayəndələri, təhsil ekspertləri BDU-da keçirilən qış imtahan sessiyasının gedişini izləyiblər.
Sonra tələbələrlə görüş olub.
AZƏRTAC xəbər verir ki, görüşdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov İctimai Nəzarət və Məsləhət Şurasının fəaliyyətinin əhəmiyyətindən danışıb.
Cəmiyyətdə təhsilin mühüm rolunu vurğulayan rektor universitetdə imtahanların təşkili barədə məlumat verib. Qeyd edilib ki, imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə şifahi dialoq və ya test formasında keçirilir.
İctimai Nəzarət və Məsləhət Şurasının sədri, professor Əjdər Ağayev bu qurum haqqında məlumat verib. Bildirilib ki, BDU-nun elmi şurasının qərarı ilə yaradılan qurumun əsas məqsədi maraqlı tərəflərin universitetin idarə olunmasında iştiraka cəlb edilməsi, onun fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, təhsil müəssisəsi ilə ictimaiyyət arasında səmərəli fəaliyyətin təşkili, əməkdaşların, təhsilalanların hüquqlarının müdafiəsi, təkliflərin verilməsidir.
Sonra İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahanların keçirilməsi ilə bağlı fikirlərini bölüşüblər. Qeyd olunub ki, imtahanlar tam şəffaf və obyektiv şəkildə aparılır.
Görüşdə, eyni zamanda, məlumat verilib ki, imtahanlara Tədris Elektron Mərkəzi tərəfindən də nəzarət edilir, müşahidə kameraları vasitəsilə izlənilir. Tələbələrə təqdim olunan cavab vərəqələri kodlaşdırılır ki, bu da obyektivliyi təmin edir. Yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlığa göndərilməsi xüsusi otaqlarda həyata keçirilir. Sessiyanın gedişində yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə qərargah, apelyasiya komissiyaları, eləcə də “Qaynar xətt” yaradılıb.
Sonra universitetdə tədris prosesinin təşkili, elm və təhsilin inteqrasiyası, tələbələrin elmi fəaliyyətə cəlb edilməsi, universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri və digər məsələlər barədə müzakirələr aparılıb, tələbələrin təklifləri dinlənilib, sualları cavablandırılıb.