MƏDƏNİYYƏT
Universitetdə “Onu zaman seçib” kompozisiyası təqdim olunub
Bakı, 6 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 6-da Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin universitetin foyesindəki büstü önünə tər güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir universitetin akt zalında davam etdirilib. Tədbir iştirakçıları müdrik rəhbər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Odlar Yurdu Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev ulu öndər Heydər Əliyevin mənalı həyatından, xalqımız üçün misilsiz xidmətlərindən söhbət açıb. Heydər Əliyev siyasətinin əhəmiyyətini vurğulayan rektor Ümummilli Liderin ideyalarının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Tələbələrin ifasında dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevə həsr edilmiş əsərlərdən ibarət ədəbi-bədii kompozisiya göstərilib, böyük şair Hüseyn Cavidin “İblis” əsəri əsasında hazırlanmış eyniadlı tamaşadan parça və Azərbaycan tarixini əks etdirən film nümayiş olunub.
Sonda filologiya üzrə fəlsəfə doktoru, “Qızıl qələm” mükafatı laureatı Fəridə Ləmanın Ulu Öndərə həsr etdiyi “Onu zaman seçib” poeması əsasında filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədlinin hazırladığı eyniadlı film təqdim olunub.
Tədbir universitetin tələbələrindən ibarət özfəaliyyət kollektivinin çıxışı ilə davam edib.