ELM VƏ TƏHSİL
Universitetdə “Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda konfrans
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Yaponiyanın iş adamlarının Azərbaycana səfəri çərçivəsində “Yapon iş adamları ilə informasiya mübadiləsi” mövzusunda konfrans keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, konfransda bu ali məktəbin tədris işləri üzrə prorektoru Vazeh Əsgərov qonaqlara universitetdəki Yapon Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti və yapon dilinin tədrisindən danışıb.
Tədbirin təşkilatçısı, ADU-nun xarici dillər kafedrasının müəllimi, Yapon-Azərbaycan əlaqələndirmə komitəsinin üzvü Yaşar İbrahimov konfransın keçirilməsinin məqsədi və iştirakçılar barədə məlumat verib.
Tədbirin məqsədinə uyğun olaraq, yapon iş adamları ilə Azərbaycan və onun iqtisadi inkişafı, Azərbaycan iqtisadiyyatına investisiya qoymaq imkanları barədə danışılıb, iki ölkənin iş adamları arasında əlaqələrin qurulmasına şərait yaratmaq, ölkəmizin biznes üçün yüksək potensiala malik olması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan-Yaponiya əlaqələrini daha da inkişaf etdirmək istiqamətində təklif və ideyalar səsləndirilib.
Artıq üçüncü dəfədir təşkil olunan konfransda 27 yapon iş adamı və 50-dək azərbaycanlı müəllim, həmçinin tələbələr, iş adamları və digər şəxslər iştirak ediblər.
Konfransda iştirakçılara ölkəmizin təbliği və tanıdılması məqsədi ilə Azərbaycan haqqında ətraflı məlumatı əks etdirən kitablar təqdim olunub.