ELM VƏ TƏHSİL
Universitetdə elmi şuranın genişləndirilmiş iclası keçirilib
Bakı, 7 iyul, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) elmi şuranın genişləndirilmiş iclası keçirilib.
BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyətindən danışıb.
Rektor “Bakı-2015” birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın müstəsna rolunu xatırladıb.
Akademik A.Məhərrəmov birinci Avropa Oyunlarında BDU-nun üç min tələbəsinin könüllü kimi iştirak etdiyini diqqətə çatdırıb.
Universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə ilə çıxış edib.
Sonra Quba Tədris-Təcrübə və İstirahət Mərkəzindən hazırlanmış videoçarx nümayiş olunub.
İclasda elmi adların verilməsi, tədris planlarının təsdiqi və digər məsələlərə baxılıb.
İlin nəticələrinə görə şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, kimya fakültəsinin dekanı Abdulsəyid Əzizov “İlin dekanı”, ekoloji kimya kafedrasının müdiri Sevinc Hacıyeva və radioteleviziya kafedrasının müdiri Aynur Kərimova “İlin kafedra müdiri”, tətbiqi riyaziyyat kafedrasının professoru İbrahim Nəbiyev və cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova “İlin müəllimi” adlarına layiq görülüblər.