ELM VƏ TƏHSİL
Universitetdə türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri araşdırılıb
Bakı, 18 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) türk xalqları tarixi kafedrasının 25 illik yubileyinə həsr olunmuş “Azərbaycanda türk xalqları tarixinin tədqiqi və tədrisi məsələləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə universitetin rektoru, akademik Abel Məhərrəmov mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Rektor türk xalqlarının qədim dövr və orta əsrlər tarixi, türk xalqları üzrə mənbələr və tarixşünaslıq, tarixi şəxsiyyətlərimiz, türk xalqları və din, türk xalqlarının yeni və müasir dövrlər tarixi kimi məsələlərin müzakirə olunacağı konfransın əhəmiyyətini vurğulayıb.
Konfransda türk xalqlarının tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
BDU-nun professoru Qabil Əliyev tariximizin araşdırılmasında və təbliğində əvəzsiz xidmətləri olan “Tarix və onun problemləri” jurnalının 20 illik fəaliyyətindən danışıb.
Digər çıxış edən alimlər kafedranın elm və təhsilin inkişafında rolundan bəhs ediblər.
Konfransda 12 bölmədə keçirilən iclaslarda 57 məruzə dinlənilib.