ELM VƏ TƏHSİL
Universitetdə xalq yazıçısı ilə görüş
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Universitetində “İrəli” İctimai Birliyinin “Könüllü kitabxana”sının təşəbbüsü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, “Şöhrət” ordenli, xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İctimai Birliyin sədrinin müavini Orxan Məmmədli görüşün Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunduğunu söyləyib.
Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov ədəbiyyatımızı dünyada təbliğ edən görkəmli ziyalı Ç.Abdullayevə tələbələrlə görüşə gəldiyinə görə təşəkkürünü bildirib.
Ç.Abdullayev yaradıcılığı, yazdığı əsərlər və onları yazarkən rastlaşdığı maraqlı hadisələr barədə ətraflı məlumat verib. Dünyanı dərk etmək üçün kitab oxumağın vacibliyini vurğulayan nasir, gənclərə vətənpərvərlik ruhunun aşılanması, onların intellektual səviyyələrinin daim yüksəlməsi, dünya görüşlərinin formalaşması üçün mütaliəyə üstünlük vermələrini tövsiyə edib.
Sonra yazıçı iştirakçıların suallarını cavablandırıb.