REGİONLAR
Ünsiyyət qurmaq – vacib şərtdir
Mingəçevir, 22 noyabr, AZƏRTAC
Mingəçevir şəhər Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə tələbə və məzunlar üçün “Karyerada ilk addım” devizi altında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mingəçevir Politexnik İnstitutunun, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, Mingəçevir Turizm Kollecinin 500-dən çox tələbə və məzunu iştirak edib. Gənclərə şəhərdə fəaliyyət göstərən 15 idarə, müəssisə və təşkilat tərəfindən 144 boş iş yeri təqdim edilib. Onlara məlumat verilib ki, 2007-ci ildən başlayaraq Dövlət Məşğulluq Xidməti və onun yerli orqanları tərəfindən Bakı, Gəncə və Mingəçevir şəhərlərinin ali təhsil ocaqlarının məzun və tələbələrinin əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında tədbirlər təşkil olunur.
“Karyerada ilk addım” devizi altında Mingəçevirdə ənənəvi olaraq hər il keçirilən bu aktiv məşğulluq tədbirinin əsas məqsədi məzun və tələbələrə təhsil aldıqları ixtisas üzrə əmək bazarında olan tələbat barədə məlumat vermək, iş adamlarına gələcək kadrların seçiminin aparılmasına, məzun və tələbələrin ixtisasları üzrə vakant iş yerlərinə cəlb olunmalarına kömək göstərməkdir. Bu tədbirlərdə tələbə və məzunlar əmək bazarı ilə yaxından tanış olur, işəgötürənlər boş iş yerlərini təqdim edirlər. Həmçinin, bu məşğulluq tədbirində məzunlarla müəssisə və təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə formalaşır.
Tədbirdə məzunlardan 8 nəfərə ixtisasına uyğun işə göndəriş verilib, 30 nəfərdən CV forması alınıb, 10 vətəndaş Mingəçevir Əmək Birjası tərəfindən qeydiyyata alınıb.