SİYASƏT


Unudulmağa məhkum

Bakı, 6 aprel (AzərTAc). Sovet ideologiyası iflasa uğrayandan sonra Azərbaycan öz tarixini yenidən tədqiq etmək, o vaxta qədər gizlədilən faktları üzə çıxarmaq, sovet illərində təhrif olunmuş şəkildə şərh edilən hadisələrin həqiqi mənzərəsini bərpa etmək imkanı qazanmışdır. Bu, keçən yüzilliyin başlanğıcını əhatə edən tarixi dövrün araşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin dövrdə Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun tarixində xalqların milli münasibətlərinin, onların tarixi və mədəni mənlik şüurunun sonrakı inkişafını kökündən dəyişmiş taleyüklü hadisələr baş vermişdir.
Sovet hakimiyyəti illərində baş alıb gedən total saxtalaşdırma tarixi faktları real qiymətləndirməyə imkan vermir, bu isə Azərbaycan xalqına qarşı törədilmiş bir sıra cinayətlərin gizlədilməsinə gətirib çıxarırdı. Rəsmi tarix isə əsl həqiqəti təqdim etmək əvəzinə qəliz ibarələrin, Azərbaycana qarşı siyasi terror törətmiş, istər dinc sakinləri, istərsə də Azərbaycan dövlətçiliyini yaratmağa cəhd göstərən xadimləri qətlə yetirmiş şəxslərin ünvanına mədhiyyələrin əsiri idi.
O dövrdə Azərbaycan tarixində haqq işi uğrunda, ölkədə əhalinin firavanlığı uğrunda mübariz kimi qələmə verilmiş adamlardan biri də Stepan Şaumyan olmuşdur. Sovet ədəbiyyatında ona xeyli monoqrafiya və kitablar həsr edilmiş, adı küçələrə, müəssisələrə, yaşayış məntəqələrinə verilmişdir. Azərbaycan üçün, Azərbaycan xalqı üçün taleyüklü bir vaxtda - Oktyabr inqilabından əvvəlki dövrdə və inqilabdan sonrakı ilk ildə Bakı bolşeviklərinin rəhbərinin əsl simasını olduğu kimi, bərbəzəksiz təqdim etmək yalnız müasir dövrdə mümkün olmuşdur.
Tarix elmləri doktoru, professor Eldar İsmayılov “Stepan Şaumyan - unudulmağa məhkum. “Əfsanəvi kommunar”ın bərbəzəksiz portreti” adlı kitabında Şaumyanın publisistik və praktiki fəaliyyətinin təhlili əsasında onun dünya görüşünün və əməllərinin mənbələrini və əsaslarını üzə çıxarmağa çalışmışdır. Müəllif bu tədqiqatda Bakıda və Moskvada saxlanılan arxiv materiallarından, sənədli məcmuələrdən, Şaumyanın özünün yazdığı məqalələrdən istifadə etmişdir.
Kitab Şaumyanın uşaqlıq və gənclik illərini, təhsil dövrünü, onun ilk inqilabi addımlarını və siyasi baxışlarını, yazışmalarını, Oktyabr inqilabından sonrakı fəaliyyətini əhatə edir. Şaumyanın həyatının bu cür ətraflı təsvir edilməsi Azərbaycan oxucusuna bir qədər qəribə görünə bilər, xüsusən ona görə ki, bu kitabı Azərbaycan tarixçisi yazmışdır. Lakin Şaumyanı siyasi avantüralara əl atmağa, Azərbaycan xalqına qarşı cinayətlər törətməyə məcbur etmiş həqiqi məqsədlərin üzə çıxarılması baxımından, bu məlumatlar vacibdir.
Kitabdakı məlumatlar göstərir ki, Şaumyanın rəhbər tutduğu, hətta o dövr üçün də köhnəlmiş ehkamlar onu Bakı Sovetinə və Bakı Xalq Komissarları Sovetinə rəhbərlik etdiyi illərdə Azərbaycan xalqına, Azərbaycana qarşı yönəlmiş cinayətkar siyasət yeritməyə sövq etmişdir.
Tarixçi E.İsmayılov yazır: “Erməni millətinə mənsub olan Şaumyan Azərbaycana milli təyini-müqəddərat hüququ verilməsini təklif edən Azərbaycan partiyalarına xüsusi nifrət bəsləyirdi”. Qatı bolşevik olan Şaumyan azərbaycanlılara inanmır, Bakıda nəyin bahasına olursa-olsun bolşeviklərin hakimiyyətini qurmağa, öz məqsədlərinə çatmasına mane olan qüvvələri aradan qaldırmağa çalışırdı. Məhz bu səbəbdən o, erməni millətçiləri ilə əməkdaşlıq etməyə məcbur idi. Müəllif yazır: “Əslində “Daşnaksutyun” partiyası ilə ittifaq Bakıda və bütün Bakı quberniyasında azərbaycanlı əhaliyə qarşı görünməmiş qırğına səbəb olmuşdu. Bunun təqsiri bütünlüklə və tamamilə Şaumyanın və onun bu qeyri-insani aksiyaya cəlb etdiyi adamların üzərinə düşür”.
Şaumyan öz qeydlərində 1905-ci ildə ermənilərlə azərbaycanlılar arasında baş vermiş münaqişələrə öz münasibətini bildirirdi. O, belə hesab edir ki, bu hadisələr inqilabi partlayışın qarşısını bu yolla almağa çalışan çar imperiyasının işidir. Şaumyan bu münaqişədən hökumətə qarşı mübarizədə istifadə edirdi. Bununla bərabər, o, hesab edirdi ki, Azərbaycan yaşayış məntəqələrində törədilmiş talanlarda erməni millətçiləri iştirak etməmişlər. O, erməniləri “zəif” tərəf kimi, qurbanlar kimi təqdim edirdi.
Kitabda Şaumyanın bu barədə qeydlərindən maraqlı bir sitat gətirilir: “Məlun “şeytanın”, ölməkdə olan mütləqiyyətin əlində kor-koranə alət olan xalq kütlələrinin – indiki halda əsasən tatarların (azərbaycanlıların – red.) - şüurunu aydınlaşdırmaq lazımdır”.
Lakin faktlar bunu təsdiq etmir. Eldar İsmayılov qeyd edir ki, heç bir xarici qüvvə böyük insan kütləsini qətllərə və talanlara təhrik edə bilməzdi: “Bu rolu yalnız daxili terrorçu təşkilat oynaya bilərdi. Ermənilərin “Daşnaksutyun” partiyası məhz belə təşkilat idi.
Şaumyan ermənilərlə azərbaycanlılar arasında etnik münaqişələr barədə yazırdı ki, bundan hər iki tərəf zərər çəkir. Lakin Şaumyanın vurğuladığı məqamlar yenə də erməniləri qurban obrazında təsvir edir. O yazır: “Erməni-tatar münasibətləri yenidən kəskinləşir. Qan və dəhşət qoxusu erməni rayonlarını yenidən boğmağa başlayır. Şuşa, İrəvan, Qars və Sürməlidən yaxınlaşan təhlükə barədə həyəcanlı səslər eşidilir. Əlbəttə, bu dəhşətlərdən əzab çəkən təkcə erməni xalqı deyil: tatar kütlələri də - öz nadanlığının, həmçinin hökumətin və tatarların hakim siniflərinin təhrikçiliyinin bu bədbəxt qurbanı da erməni xalqı qədər əzab və əziyyət çəkir”.
Bu parçaya əsasən belə nəticəyə gəlmək olar ki, Şaumyanın fikrincə, qırğınları başlayan azərbaycanlılar olmuşlar. Guya onlar, Şaumyanın təbirincə desək, özünün “nadanlığı” üzündən təhriklərə uymuşlar.
Bir məsələ də diqqətdən kənarda qalmır ki, Şaumyanın fikrincə, toqquşmalar erməni yaşayış məntəqələrində baş vermişdir. Bunun ardınca o, əzəli Azərbaycan və türk torpaqları olan Şuşa, İrəvan və Qarsın adını çəkir, bu isə artıq əsl saxtakarlıqdır.
E.İsmayılov yazır: “Şaumyanın təkəbbürlü sözləri diqqəti cəlb edir. Azərbaycanlı “kütlə”nin “nadanlığına” istinad edilməsi təsadüfi deyildir. Bu, həmin illərdə oxucuları faciənin əsas təqsirkarlarını axtarmağa oriyentasiya etməyin metodlarından biri idi”.
Maraqlıdır ki, Şaumyan erməni kilsəsini və hətta ermənilərin inkişaf səviyyəsini tənqid edirdi, erməni tarixçiləri isə bu barədə susurlar. Şaumyanın öz sözləri buna sübutdur: “Bizim Eçmiədzin özünü erməni millətinin iradəsinin ifadəçisi hesab edir və siyasi bəyanatlarla çıxış edir... Bizim dövri nəşrləri vərəqləyin ... görərsiniz ki, orada prixod, popeçitel və kilsə məsələlərindən başqa heç nəyə maraq yoxdur”. Ateist olan Şaumyan bunun səbəbini erməni kilsəsinin rolunun şişirdilməsində görür. Bu baxımdan, Şaumyanın erməni və gürcü xalqlarının səviyyəsini müqayisə etməsi çox maraqlıdır: “Ənənəvi lovğalığa və təkəbbürə baxmayaraq, hər bir erməni etiraf etməlidir ki, gürcülər ermənilərdən daha mütərəqqidirlər”.
Şaumyan Bakıda erməni etnosunun üstünlüyünü təmin etməyə çalışırdı, 1918-ci ilin martında dinc əhalinin kütləvi şəkildə qırılmasının səbəblərindən biri də bu idi. Şaumyan bu yolla əslində “Daşnaksutyun” partiyasının Cənubi Qafqazın türk əhalisinin fiziki məhv edilməsi doktrinasının əsas postulatını həyata keçirməklə Bakı quberniyasını azərbaycanlılardan təmizləməyə çalışırdı. E.İsmayılov yazır: “Lakin Bakını azərbaycanlılardan tam təmizləmək... mümkün olmadı. Lakin Şaumyanın və daşnakların, Erməni Milli Şurasının belə bir niyyətinin olması şübhəsizdir... Bu, əsl faşizm idi... Mahiyyətcə faşizm xarakteri daşıyan bu siyasətin əsas təşkilatçısı və icraçısı Stepan Şaumyan idi”.
Son olaraq qeyd etmək lazımdır ki, Şaumyanın azərbaycanlılara qarşı təkəbbürlü münasibəti, onlara yuxarıdan aşağıya baxması, Azərbaycan əhalisinin qətlə yetirilməsinin əsl səbəblərini gizlətmək cəhdləri, erməni millətçilərinə və daşnaklarına havadarlıq etmək, onlara haqq qazandırmaq istəyi onun millətçilik ideyalarının əsirinə çevrilməsinə dəlalət edir. Dinc azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsinə məhz o rəvac vermişdi. Bu, adi bolşevik terroru deyildi, azərbaycanlı əhaliyə qarşı yönəlmiş əsl erməni-daşnak etnik təmizləmə siyasəti idi.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.