MƏDƏNİYYƏT


“Unudulmaqda olan xalq tətbiqi sənəti nümunələrinin bərpası” mövzusunda elmi konfrans keçirilib

Bakı, 13 iyun, Zərəngiz Mansurova, AZƏRTAC 

İyunun 13-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrinin bərpası” mövzusunda elmi konfrans keçirilib. Muzeyin foyesində ağac üzərində nəqqaşlıq və daş üzərində oyma sənəti, qurama, tikmə, keçəçilik və toxuma sənəti nümunələrindən ibarət sərgi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, konfransda Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev milli-mənəvi dəyərlərimizi qorumağın vacibliyindən, rəhbərlik etdiyi qurumun bu sahədə fəaliyyətindən danışıb. Xalqımızın qədim milli mədəniyyətinin artıq dünyada tanındığını bildirən A.Usubəliyev dünyanın bir çox ölkələrinin sərgi salonlarında və mədəniyyət mərkəzlərində Azərbaycan sənətkarlarının əsərlərinin nümayiş etdirildiyini söyləyib. Diqqətə çatdırıb ki, konfransın məqsədi milli sənət nümunələrimizin təbliği, qədimlərdən bizə miras qalmış və unudulmaqda olan sənətkarlıq növlərinin bərpasıdır və bu istiqamətdə kifayət qədər işlər görülür.

Akademik Vidadi Xəlilov Azərbaycan xalq tətbiqi sənətini xalqımızın hər yerdə nümayiş olunan mənəvi dünyasının “əlifbası” adlandırıb. O, Qobustandan başlayan mədəniyyətimizin dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini vurğulayıb.

Konfransda “Xalq tətbiqi sənəti nümunələrinin tarixindən”, “Keçəçilik sənətinin ilk nümunələri”, “Qədim musiqi alətlərinin bərpası”, “Müasir dövrün milli geyimlərində qədim ornamentlərin təsviri” və digər mövzularda məruzələr dinlənilib.

Sonda qədim musiqi alətlərinin müşayiəti ilə xalq havaları ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.