MƏDƏNİYYƏT
Unudulmaz aktyorun həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi
Bakı, 24 yanvar, AZƏRTAC
Milli Arxiv İdarəsinin elektron xidmətlər mərkəzi Əməkdar Artist Hacıməmməd Qafqazlının həyat və yaradıcılığına həsr olunmuş virtual sərgi təşkil edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgidə yer alan fotolar və məlumatlar S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanıb. Sərgidə unudulmaz sənətkarın müxtəlif illərdə həyat və yaradıcılığını əks etdirən 20-dək foto yer alıb.
1898-ci ildə Lənkəranda şair ailəsində dünyaya göz açan aktyor teatrda 200-dək bir-birindən maraqlı və yaddaşlarda dərin iz buraxan obrazlar qalereyası yaradıb. Eyni zamanda, aktyor “Bir məhəllədən iki nəfər”, “Yeddi oğul istərəm”, “Şərikli çörək” və digər filmlərdə ifa etdiyi rollarla tamaşaçıların sevgisini qazanıb.
Aktyorun son ekran işi “Mosfilm”in istehsal etdiyi “Tehran-43” filmi olub. Hacıməmməd Qafqazlı 1982-ci ilin sentyabrında dünyasını dəyişib.
Virtual sərgi ilə daha yaxından tanış olmaq istəyənlər aşağıdakı linkdən istifadə edə bilərlər:
http://www.milliarxiv.gov.az/az/news/302-h-zhafzhazli-e-serzhi.