MƏDƏNİYYƏT


Unudulmaz bəstəkar Tofiq Quliyevin xatirəsi yad edilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC 

Oktyabrın 4-də görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin xatirə günüdür. Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) katibliyinin iclasında Tofiq Quliyevin xatirəsi yad edilib.

İttifaqın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda iştirak edən ABİ-nin sədri, Xalq Artisti Firəngiz Əlizadə, həmçinin tanınmış bəstəkar, Xalq Artisti Tofiq Bakıxanov, ittifaqın katibləri - Əməkdar İncəsənət xadimləri Zemfira Qafarova və Cəlal Abbasov Azərbaycanın musiqi mədəniyyətinə böyük töhfələr bəxş etmiş görkəmli bəstəkarımız haqqında öz xatirələrini bölüşüblər. Bildirilib ki, onun mahnıları, kino musiqiləri Vətənimizi, onun paytaxtı Bakını tərənnüm edən bütöv bir obrazlar dünyasıdır.

Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq simalarından olan Tofiq Quliyevin yaradıcılığında ən aparıcı janr – mahnıdır. Onun mahnıları nəinki Azərbaycanda, hətta ölkənin xaricində də geniş şöhrət qazanıb. Tofiq Quliyevin mahnılarını Rəşid Behbudovla yanaşı, Rauf Atakişiyev, Lütfiyar İmanov, Şövkət Ələkbərova da məharətlə ifa edirdilər. O zamanlar böyük məşhurluq qazanmış “Qaya” vokal instrumental ansamblı Tofiq Quliyevin mahnılarını zirvələrə ucaltdı. 200-dən artıq mahnı yazan Tofiq Quliyev mahnı melodik üslubun təbiətini gözəl duyurdu.

Tofiq Quliyev, həmçinin Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. O, ötən əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən “Bakı payızı”nı yaradıb. Bəstəkar 1990-cı ildən ömrünün sonunadək Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2004-cü il oktyabrın 4-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.