İQTİSADİYYAT


Urban Rusnak: Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir

A+ A

Bakı, 17 oktyabr, AZƏRTAC 

Qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi sahəsində qazandığı statusu ilə Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Dayanıqlı inkişaf üçün enerji” VII Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycanın energetika naziri Natiq Əliyevlə görüşdə deyib. Görüşdə Azərbaycanla təşkilat arasında əməkdaşlıq məsələləri və Beynəlxalq Enerji Xartiyası ilə əlaqədar proseslərdə əldə edilmiş nailiyyətlər, son dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, 2012-ci ildən Beynəlxalq Enerji Xartiyasının hazırlanması prosesinə start verilib və yekun sənəd 2015-ci ilin may ayında Haaqa konfransında 75-dən çox iştirakçı dövlət tərəfindən imzalanıb. Yenilənmiş siyasi Bəyannamədə enerji təhlükəsizliyi daha geniş mənada - enerji istehsalçısı, istehlakçısı, tranzit və enerji resurslarına məhdud çıxışı olan ölkələrin təhlükəsizliyi aspektində təsbit olunub.

Baş katib U.Rusnak bu sənədin Beynəlxalq Enerji Xartiyasının Müqaviləsində nəzərdə tutulan hüquqi normaların dəyişdirilməsi və ya genişləndirilməsi üçün əsas olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə enerji ehtiyatlarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinin hazırlanması Enerji Xartiyası üçün xüsusi aktuallıq kəsb edir. Azərbaycanın tranzit ölkə kimi bu istiqamətdə əldə etdiyi təcrübə həmin prosesə mühüm töhfə verə bilər.

N.Əliyev dünyanın aparıcı şirkətləri ilə imzalanmış və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasında mühüm rol oynamış “Hasilatın Pay Bölgüsü” və digər ikitərəfli sazişlərin ərsəyə gəlməsi tarixçəsindən danışaraq, həm bu sazişlərin, həm də tranzit ərazisinə malik ölkə kimi imzalanmış digər çoxsaylı sənədlərin mühüm hüquqi baza yaratdığını qeyd edib.

Nazir bu sənədlərin bu gün mühüm dəyərə malik olduğunu deyib, enerji daşıyıcılarının tranziti ilə bağlı təcrübəni bölüşməyə və lazımi texniki dəstəyi göstərməyə Azərbaycanın hər zaman hazır olduğunu diqqətə çatdırıb.

U.Rusnak onu da əlavə edib ki, qısa müddətdə enerji ixracatçısına çevrilməsi və qlobal enerji təhlükəsizliyi sahəsində qazandığı statusu ilə Azərbaycan Beynəlxalq Enerji Xartiyası tərəfindən digər ölkələr üçün örnək kimi qəbul edilir. Baş katib növbəti 5 il müddətində Azərbaycanla əməkdaşlığın daha dərinləşdirilməsi üçün yeni hüquqi sənədin imzalanmasının vacibliyini vurğulayıb. O, noyabrın 25-26-da Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Enerji Xartiyasının 27-ci konfransında Azərbaycanın da iştirakının zəruri olduğunu diqqətə çatdırıb.

N.Əliyev isə enerji sektorunda beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsində Enerji Xartiyasının rolunu bir daha yüksək qiymətləndirərək, Azərbaycanla bu qurum arasında əlaqələrin inkişafı üçün lazımi tədbirlərin görüləcəyini bildirib.

Daha sonra Enerji Xartiyası İnvestisiya Qrupuna Azərbaycan tərəfindən namizədin göndərilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.