ELM VƏ TƏHSİL
Urxan Ələkbərov: Heydər Əliyev daim Azərbaycan xalqının yaddaşında, ürəyində yaşayacaq
Bakı, 6 may, G.Məlikova, AZƏRTAC
Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilən “Heydər Əliyev irsi Azərbaycanın dinamik inkişafının təməlidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin akademiyadakı büstünü ziyarət edib, önünə güllər düzüblər.
Akademik Urxan Ələkbərov ümummilli lider, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən rektor müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinin Azərbaycan yaşadıqca daim xalqımızın yaddaşında, ürəyində yaşayacağını vurğulayıb.
Sonra rektor DİA-da fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”nin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu təhsil müəssisəsində dahi rəhbərin irsinin öyrənilməsi istiqamətində müxtəlif araşdırmalar aparılır, tədbirlər keçirilir.
U.Ələkbərov Ümummilli Liderin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Musa Qasımlı, DİA-nın dövlət idarəetməsi və menecment kafedrasının müdiri, iqtisad elmləri doktoru Xatirə Hüseynova Ulu Öndərin zəngin həyat və fəaliyyətindən, Azərbaycanın tarixindəki rolundan, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlardan danışıblar. Ümummilli Liderin parlaq zəkası, dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlamasını, vətən və xalq qarşısında xidmətlərini xatırladıblar.
Konfransda Heydər Əliyev Mərkəzinin nümayəndələri, Milli Məclisin deputatları, DİA-nın müəllim və tələbələri iştirak ediblər.