ELM VƏ TƏHSİL
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin hesabat konserti olub
Bakı, 19 iyun, AZƏRTAC
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Milli rəqs” dərnəyinin hesabat konserti olub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Dostluq çələngi” adlı konsertdə dövlət və qeyri-hökumət təşkilatlarından, xarici ölkə səfirliklərindən dəvət olunmuş qonaqlar iştirak ediblər.
Konsertin birinci hissəsində milli rəqslər, ikinci hissədə nağıl qəhrəmanlarına həsr olunmuş süjetli rəqslər nümayiş olunub. Üçüncü hissə isə dostluq motivində qurulub. Belə ki, uşaqlar dünya xalqlarına, həmçinin islam ölkələrinə məxsus rəqsləri ifa ediblər.
Sonra qonaqlar tədbir haqqında təəssüratlarını bölüşüblər.
Qırğızıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi mərkəzə xüsusi təşəkkürnamə təqdim edib. Həmçinin Milli Olimpiya Komitəsinin nümayəndəsi IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Zəfər günləri” layihəsi çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakına görə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə təşəkkürnamə verib.