ELM VƏ TƏHSİL
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu İtaliyada mükafatlandırılıb
Bakı, 29 iyun, AZƏRTAC
Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin bədii kollektivi İtaliyada keçirilən “Sərhədsiz yaradıcılıq - 2017” beynəlxalq uşaq müsabiqə festivalında iştirak edib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalda mərkəzin üzvləri üç nominasiya – xoreoqrafiya, vokal və rəsm nominasiyaları üzrə iştirak edərək böyük uğur qazanıblar.
“Rəqs” nominasiyası üzrə rəqs qrupu “Odlar yurdu – Azərbaycan” kompozisiyası ilə çıxış edib. Kompozisiya muğam, folklor, “Sarı gəlin” və digər milli rəqsləri özündə birləşdirib. Rəqs qrupu 15 ölkənin içərisində qalib olaraq birinci yerə layiq görülüb və Qran-pri mükafatını əldə edib.
Mərkəzin 10 yaşlı istedadlı vokalçısı Rahim Qədimzadə məşhur “Azərbaycan” mahnısının ifasına görə müsabiqədə “Vokal”, Mədinə Hüseynzadə və Məryam Axundova isə “Rəsm” nominasiyaları üzrə ikinci yerə, diplom və kuboka layiq görülüblər.