REGİONLAR
Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində ustad dərsi təşkil olunub
Naxçıvan, 4 fevral, AZƏRTAC
Naxçıvan şəhərindəki Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin rəsm dərnəyinin üzvləri üçün növbəti ustad dərsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Əlövsət Allahverdiyevin apardığı ustad dərsində məktəblilərə təsviri incəsənətin növləri haqqında məlumat verilib. Əlövsət Allahverdiyev kağız üzərində çəkilmiş eskizin yağlı boya ilə kətan üzərinə köçürülməsi texnikasını ətraflı izah edib. O, gənc rəssamlara rəngkarlığın sirləri, əsərin işlənmə texnikası, rənglərin qatılması, kətana vurulması barədə məlumat verib, düzgün fırça seçiminin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, əvvəlcə bütöv obyektlərin və fonun rənglənməsi, kompozisiya bitdikdən sonra isə əsərin balaca elementlərinin işlənilməsi vacibdir.
Sonra rəssamları maraqlandıran suallar cavablandırılıb.