MƏDƏNİYYƏT
Uşaq ədəbiyyatımızın sönməz günəşi
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Xətai Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) uşaq şöbəsinin təşkilatçılığı ilə şair, yazıçı, dramaturq Abdulla Şaiqin 135 illiyinə həsr olunmuş “Uşaq ədəbiyyatının sönməz günəşi” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Uşaq ədəbiyyatının sönməz günəşi” adlı sərgi və fotostendlə tanış olublar. Sonra Abdulla Şaiqin 135 illiyinə həsr olunmuş slaydlar nümayiş etdirilib.
Xətai rayon MKS-nin uşaq şöbəsinin müdiri Şahnaz Cəlilova, baş kitabxanaçısı Həmidə Məmmədova Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında geniş məlumat veriblər.
Şəhərin 171, 263, 208 nömrəli uşaq bağçalarının yetirmələrinin iştirak etdikləri tədbirdə kitabxananın fəal oxucuları tərəfindən “Tülkü həccə gedir” adlı kompozisiya nümayiş olunub, Abdulla Şaiqin uşaq şeirlərindən parçalar oxunub, səhnəciklər göstərilib.
Sonda Abdulla Şaiqin ev muzeyinin direktoru və nəvəsi Ülkər Talıbzadə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.