CƏMİYYƏT


Uşaq əməyinin istismarının qarşısının alınmasına dair regional təlimlər keçirilib

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq əməyinin qarşısının alınması və maarifləndirmənin gücləndirilməsi istiqamətində təlimlərin keçirilməsi nəzərdə tutulub.

Komitədən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə Lənkəran, Tovuz, Yevlax və İmişli rayonlarında regional təlimlər keçirilib. Təlimlərdə əmək müfəttişləri, polis inspektorları, şəhər/rayon icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, həmçinin psixoloqlar, təhsil işçiləri iştirak ediblər.

Təlimlərdə uşaq əməyinin istismarı ilə mübarizədə beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi barədə məlumat verilib, problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə, uşaq əməyinin vəziyyətinə dair aparılmış tədqiqatın nəticələri iştirakçıların diqqətinə çatdırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib. Təlim iştirakçıları bu cür maarifləndirmə tədbirlərinin bölgələrdə aparılmasının xüsusi əhəmiyyətini vurğulayıblar.

Komitə tərəfindən hazırlanmış, uşaq əməyi ilə bağlı məlumatlılığın artırılması, uşaq əməyi anlayışının izahı, qanunvericilikdə uşaq əməyi ilə bağlı müddəaları özündə birləşdirən “Sənin əmək hüquqların” adlı buklet təlim iştirakçılarına paylanılıb, həmçinin uşaq əməyinə dair sorğu aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.