MƏDƏNİYYƏT
Uşaq evində Marionet Teatrının təqdimatında “Arşın mal alan” tamaşası nümayiş olunacaq
Bakı, 17 sentyabr (AZƏRTAC). Ənənəvi olaraq hər il olduğun kimi bu il də 18 Sentyabr - Milli Musiqi Günü təntənəli şəkildə qeyd olunacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrı bayram tədbirinə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası ilə qatılacaq.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin dəstəyi ilə sentyabrın 18, 19 və 20-də “Arşın mal alan” operettası Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində Marionet Teatrının quruluşunda tamaşaya qoyulacaq. Tamaşanı 12 nömrəli internat məktəbi ilə yanaşı 1, 2 və 11 nömrəli internat məktəblərinin şagirdləri də seyr edə biləcəklər.
Tamaşanın rejissoru, Marionet Teatrının yaradıcısı Tərlan Qorçudur. Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilir.