CƏMİYYƏT
Uşaq evində bayram sevinci yaşanıb
Bakı, 2 iyun, AZƏRTAC
Xətai rayonundakı 3 nömrəli uşaq evinin sakinləri üçün iyunun ikinci günündə də bayram ovqatı davam edib. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva və aparatın bir qrup əməkdaşı bayram sovqatı və hədiyyələrlə onların görüşünə gediblər.
AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadla xəbər verir ki, Uşaq Evinin direktoru Məhbubə Hüseynova qonaqları uşaqların yaradıcılığından ibarət sərgi guşəsi ilə tanış edib. Bir-birindən maraqlı rəsmlər, əl ilə toxunmuş xalçalar və müxtəlif sənət nümunələri qonaqlarda xoş təəssürat oyadıb. Sonra icra hakimiyyəti başçısının müavini uşaqları bayram münasibətilə təbrik edib.
Uşaq evinin gənc istedadlarının ifasında konsert proqramı zamanı bir-birindən maraqlı musiqi nömrələri və müxtəlif xalqların milli rəqsləri maraqla qarşılanıb.
Şamlarla bəzədilmiş bayram tortu səhnəyə gətirilərək uşaqların iştirakı ilə kəsilib, hədiyyələr paylanılıb. Valideyn həsrətli uşaqlar daha bir gün məhəbbət və mərhəmət dolu xoş anlarla onlarına xatirələrinə köçüb.