ELM VƏ TƏHSİL
Uşaq hüquqları üzrə pilləli tədris layihəsi davam etdiriləcək
Bakı, 27 yanvar, AZƏRTAC
Bakı şəhərinin 37, respublikanın regionlarında isə 27 rayon üzrə seçilmiş 56 orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə, Təhsil Nazirliyi ilə razılaşdırılmış qaydada uşaq hüquqları üzrə pilləli tədris proqramı həyata keçirilir.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqramın tətbiq olunduğu şəhər və kənd məktəblərində davamlılığın təmin edilməsi məqsədi ilə uşaq hüquqlarının tədrisi mərkəzləri yaradılıb və müvafiq tədris vəsaitləri əsasında hüquqi təhsil inkişaf etdirilir.
Prezident İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş və icrasının əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə müvəkkilin rəhbərlik etdiyi, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədrisin inkişaf etdirilməsi də nəzərdə tutulub.
Uşaqların iştirakı ilə “həmyaşıddan həmyaşıda” prinsipi əsasında gerçəkləşdirilən bu tədris orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə töhfəsini verməklə yanaşı, şagirdlərin hüquqi bilik və bacarıqlarının inkişafı, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin uşaq hüquqları sahəsində ixtisaslaşmasında mühüm əhəmiyyət kəsb edir.
Cari ilin fevralında Təhsil Nazirliyi ilə əməkdaşlıq əsasında Bakı şəhərinin 12 rayonunun, eləcə də Şəmkir, Samux, Zaqatala, Balakən, Masallı, Astara, Quba və Xaçmaz rayonlarının hərəsindən bir məktəb seçilməklə bu təhsil müəssisələrində uşaq hüquqları üzrə pilləli tədris layihəsi davam etdiriləcək.