CƏMİYYƏT
Uşaq hüquqlarının təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir
Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, oktyabrın 20-dən noyabrın 20-dək ölkədə “Uşaq hüquqları aylığı ” elan edilib. Aylıq çərçivəsində Gəncədə “Uşaq hüquqlarının qorunması” mövzusunda seminar keçirilib. Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik, bu sahədə beynəlxalq təcrübə, BMT-nin uşaq hüquqları haqqında Konvensiyası, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi, problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Son illərdə uşaqların hüquqların müdafiəsi, sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün davamlı tədbirlər həyata keçirilir.
Seminarda, həmçinin bu cür tədbirlərin uşaqların hüquqlarının təmin edilməsində, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.