CƏMİYYƏT
Uşaq poliklinikalarında psixi sağlamlıq bölmələri yaradılıb
Bakı, 24 oktyabr, AZƏRTAC
Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Quba və Şirvanda yerləşən uşaq poliklinikalarının nəzdində psixi sağlamlıq bölmələri yaradılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məqsəd psixi sağlamlıq xidmətlərinin əhali üçün əlçatanlığını təmin etməkdir. Hazırda psixi sağlamlıq xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, yeni müalicə və reabilitasiya üsullarının tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Belə ki, müxtəlif ixtisaslı mütəxəssislər, o cümlədən həkim-psixiatrlar, psixoloqlar, loqopedlər, müalicəvi bədən tərbiyəsi və əmək terapiyası üzrə təlimatçılar təlimlərə cəlb olunublar.
Təlim iştirakçıları müstəqil fəaliyyət göstərmək, müasir və effektli reabilitasiya tədbirlərini həyata keçirmək, psixoloji müdaxilələrə ehtiyacı olan uşaqlara yardım etmək, onların ailələri ilə işləmək kimi qabiliyyətlərə yiyələnirlər.