ELM VƏ TƏHSİL
Uşaq rəsm müsabiqəsinin qaliblərinə Belarus səfirliyinin mükafatları təqdim edilib
Bakı Slavyan Universitetinin (BSU) Belarusşünaslıq Mərkəzində “Planetin uşaqları dostluq edir” adlı IV Beynəlxalq Uşaq rəsm müsabiqəsinin Azərbaycandan olan qaliblərinə təntənəli şəraitdə mükafatlar təqdim edilib.
Belarusun Azərbaycan Respublikasındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqənin qaliblərinə Belarus Respublikası Təhsil Nazirliyinin Uşaq və Gənclərin Bədii Yaradıcılıq Mərkəzinin diplomları təqdim edilib.
Mükafatlandırma mərasimində BSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Milli Məclisin deputatı Sahibə Qafarovaya səfirliyin təşəkkürnaməsi təqdim edilib. S.Qafarova bu mərkəzin yaradılmasında fəal iştirakına, onun M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Dili Mərkəzi ilə birgə fəaliyyətinin əlaqələndirilməsinə, müştərək humanitar layihələrin həyata keçirilməsinə, o cümlədən Belarusca-Azərbaycanca lüğətin nəşrinə köməyinə görə səfirliyin təşəkkürnaməsinə layiq görülüb.
Tədbirdə Bakı Slavyan Universitetinin rəhbərliyi və tələbələri, habelə müsabiqə qaliblərinin valideynləri iştirak ediblər.