MƏDƏNİYYƏT
Uşaq şairləri mükafatlandırılıb
Bakı, 14 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) ”Natəvan” klubunda qurumun Uşaq Ədəbiyyatı şöbəsinin "Ulduz" jurnalının birgə təşkilatçılığı ilə “Ən yaxşı uşaq şeiri” müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Azərbaycan” jurnalının şöbə müdiri Qəşəm Nəcəfzadə , “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və başqaları uşaq ədəbiyyatı nümunələrini yaradan qələm adamlarının əməyini yüksək dəyərləndiriblər. Abdulla Şaiq, Mir Mehdi Seyidzadə, İlyas Tapdıq və digər görkəmli uşaq ədəbiyyatı nümayəndələrinin davamçıları olan müasir şairlərin həvəsləndirilməsi üçün bu sahədə yazan qələm adamlarına mükafatlar təqdim olunub.
Birinci yerə Astarada yaşayan İlham İlhami, ikinci yerə Nuranə Nur, Mina Rəşid, üçüncü yerə isə Faiq Hüseynbəyli layiq görülüblər.
Qalibləri Əflatun Amaşov, “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezidenti, professor - şair Elçin İsgəndərzadə mükafatlandırıblar.
Eyni zamanda, “Qafqaz-Media” İB-nin sədri Azadə Hüseynova qalibləri “Qız Qalası” diplomları ilə təltif edib.
Qərara alınıb ki, qaliblərin şeirləri “Ulduz” jurnalının növbəti nömrəsində dərc edilsin və komissiyanın sədri Qəşəm Nəcəfzadə müsabiqəyə təqdim olunan şeirlər haqqında təhlil xarakterli geniş bir məqalə yazsın.