MƏDƏNİYYƏT


Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti olub

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Azərbaycan Dövlət Musiqili Teatrında uşaq xor kollektivlərinin IX respublika müsabiqəsinin yekun konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev çıxış edərək ölkəmizdə istedadlı uşaq və gənclərə verilən qiymətdən danışıb: “Prezident İlham Əliyev istedadlı gənclərin, uşaqların yaradıcılığının inkişafına böyük diqqət və qayğı göstərir. Son illər ərzində onlarla istedadlı uşaq və yeniyetmələrin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb, Prezidentin xüsusi təqaüdünə layiq görülüblər. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində də istedadlı gənclər xüsusi yer tutur və onlara böyük dəstək verilir”.

Yaşar Əliyev uşaq xor kollektivlərinin respublika müsabiqəsinin keçirilməsinin ənənəyə çevrildiyini söyləyib. Bildirib ki, artıq doqquzuncu dəfə reallaşdırılan müsabiqənin məqsədi xor mədəniyyətinin inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqlarda kiçik yaşlarından xor sənətinə marağın oyadılması, eyni zamanda xormeysterlərin yaradıcılıq fəaliyyətinin aktivləşdirilməsidir. Bu məqsədlə müsabiqə və festivallarda iştirak edən xor kollektivlərinin ifaçılıq səviyyəsi ildən-ilə yüksəlib, kollektivlərin repertuarı genişlənib və zənginləşib, səhnə mədəniyyəti artıb, xormeysterlərin işi peşəkarlıq səviyyəsinə yüksəlib.

Diqqətə çatdırılıb ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu il aprelin 6-dan 26-dək uşaq xor kollektivlərinin ənənəvi respublika müsabiqəsi keçirilib. Regionlar üzrə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şəki şəhərləri və Ağcabədi, Ağdaş, Bərdə rayonlarında keçirilən müsabiqədə 5 mindən çox şagird çıxış edib. Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq Artisti, professor Gülbacı İmanovanın sədrlik etdiyi, tanınmış xormeyster və müəllimlərdən ibarət münsiflər heyəti 150 uşaq xor kollektivinin çıxışını qiymətləndirib.

Bildirib ki, münsiflər heyətinin qərarına əsasən Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor kollektivi Qran-pri mükafatına, C.Hacıyev adına 3, T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəblərinin xor kollektivləri birinci, S.Ələsgərov adına 1 və Ş.Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbləri, Sumqayıt şəhər Bülbül adına 2 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivləri ikinci, Bakı şəhər 4 və 30 nömrəli uşaq musiqi məktəblərinin, Göygöl şəhər Aşıq Şəmşir adına uşaq musiqi məktəbi və Quba şəhər uşaq musiqi məktəbinin xor kollektivləri üçüncü dərəcəli diplomlara layiq görülüblər. Müsabiqədə fərqlənmiş bir sıra kollektivlərə də diplom və fəxri fərmanlar verilib.

Tədbirdə çıxış edən Gülbacı İmanova müsabiqənin təşkilatçılarına minnətdarlığını bildirərək davamlı olaraq hər il keçirilməsini arzulayıb.

Daha sonra müsabiqə iştirakçıları olan xor kollektivlərinin ifasında konsert proqramı təqdim edilib. Kollektivlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.