MƏDƏNİYYƏT
Uşaq yaşlarımdan Rəşid Behbudov sənətinin vurğunu olmuşam
Bakı, 6 mart, Z.Mansurova, AZƏRTAC
Uşaq yaşlarımdan SSRİ xalq artisti Rəşid Behbudovun sənətinə, səhnə mədəniyyətinə və ifa tərzinə vurğun olmuşam.
Bu sözləri Türkiyəli müğənni Oya Ergün AZƏRTAC-a müsahibəsində deyib.
O. Ergün görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudovun xatirəsinə həsr etdiyi yeni “Sevgilim” adlı diskində vaxtilə bu böyük sənətkarın oxuduğu bəstəkar və xalq mahnılarını ifa edib.
Türkiyəli ifaçı Rəşid Behbudovun repertuarından götürülmüş 14 mahnının yazıldığı bu diskdən başqa da repertuarına müğənninin digər mahnılarını daxil etdiyini və bu əsərləri sevə-sevə oxuduğunu bildirib.
Qeyd edək ki, müğənni R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan xanımlarına 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təqdim edib. Konsertdə o, yenə bənzərsiz ifaçı Rəşid Behbudovun repertuarından olan “Sevgilim”, “Ayrılıq”, “Küçələrə su səpmişəm”, “Lalələr”, “Alagöz”, “Sevgili canan”, “Reyhan” və digər musiqi nümunələrini səsləndirib.