CƏMİYYƏT
Uşaqlar Bulvarda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən ödənişsiz istifadə ediblər VİDEO
Bakı, 1 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bu gün Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə ediblər.
Dənizkənarı Milli Parka gələn uşaqlar park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əyləniblər.
Aksiya iştirakçısı Qurban Ramazanov “Möcüzələr dünyası” attraksionunda çox əyləndiyini bildirib və bütün uşaqlara əyləncəli günlərinin çox olmasını arzu edib.
Valideyn Vüsalə Ağamalıyeva qeyd edib ki, uşaqlar belə bir aksiyanın keçirilməsindən çox sevinirlər. O, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, aksiyaya görə Dənizkənarı Bulvar İdarəsinə və Heydər Əliyev Fonduna təşəkkür edib. Vüsalə Ağamalıyeva arzu edib ki, bütün valideynlər uşaqlarını Vətənimizə layiqli övlad kimi yetişdirsinlər.
Bakıya qonaq gəlmiş Raziyyə Poladova nəvəsini rayondan bu bayram əyləncəsinə gətirdiyini bildirib. Uşaqların əyləncəsi üçün hər cür şəraitin yaradıldığını bildirən R.Poladova təşkilatçılara minnətdarlığını ifadə edib.
Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” attraksionları, “Şəfəq” və “Mirvari” gəzinti gəmiləri azyaşlılara ödənişsiz xidmət göstərib.
Qeyd edək ki, aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışıb.