CƏMİYYƏT


Uşaqlar arasında zəhərlənməyə rotavirus infeksiyası səbəb olub YENİLƏNİB

Bakı, 12 iyun, AZƏRTAC 

Xəbər verildiyi kimi, ötən həftə Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində azyaşlı uşaqlar arasında yayılan infeksiya nəticəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Bununla əlaqədar olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransını Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Viktor Qasımov açaraq hadisənin iyunun 7-də baş verdiyini söyləyib. Onun verdiyi məlumata əsasən, uşaqların qanından götürülən nümunələrin laborator müayinələri nəticəsində xəstələrdə rotavirus infeksiyası aşkar edilib. Xəstəliyin su ilə yayıldığına görə onun mənbəyinin supaylayıcı şəbəkədə olan nöqsanlar nəticəsində baş verdiyi ehtimal olunur. Bununla əlaqədar olaraq su üzərində ciddi nəzarət qoyulub və laborator müayinələrin sayı xeyli artırılıb. Görülən tədbirlər nəticəsində hazırda suyun keyfiyyəti standartlara uyğundur. İndi Sumqayıt uşaq xəstəxanasında 46 uşağın müalicəsi davam etdirilir və onların vəziyyətləri kafidir və sağlamlıqları stabilləşən kimi evə buraxılacaqları gözlənilir.

Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev deyib: “Zəhərlənmə barədə məlumat daxil olan kimi nazirlikdə operativ qərargah yaradılıb və tam gücü ilə fəaliyyət göstərir. Həmin gündən bəri infeksiyaya yoluxma ilə əlaqədar 136 müraciət daxil olub, son məlumata görə, indi stasionar şəraitdə 46 uşaq müalicəsini davam etdirir. Proses qısa müddətdə lokallaşdırılıb və təhlükəli vəziyyət aradan qaldırılıb.

Xəstəliyin mənbəyi su ilə bağlı olduğuna görə Xudatdan gələn Şollar suyunun tərkibində çirklənmə ilə əlaqədardır, törədici isə rotaviruslardır. Rotaviruslar dünyanın hər yerində yayılan xəstəlikdir və onun kliniki əlamətləri ürəkbulanma, qusma, ishal və hərarətin yüksəlməsi ilə müşayiət olunur. Yaşlılar bir və ya bir neçə dəfə həmin xəstəliyə yoluxduğuna görə onlarda ona qarşı immunitet formalaşsa da, uşaqlarda immunitet zəifliyi olur və onlar xəstəliyə daha tez yoluxurlar. Bir faktı da qeyd edim ki, müraciət edənlərin heç də hamısında həmin virus aşkar edilməyib, valideynlərdən bəziləri qorxuya düşərək və ya ehtiyatlanaraq uşaqlarını tibbi müayinədən keçiriblər”.

Ölkənin baş pediatrı daha sonra əlavə edib: “Yaxşı haldır ki, xəstələnənlər arasında fəsadlaşma halı yoxdur və yaxın günlərdə onların hamısı tam sağlam həyata qayıdacaqlar. İndi stasionar müalicə olunanların əksəriyyətində gec müraciət nəticəsində bir qədər ağırlaşma baş verib və kliniki əlamətlər bədəndə suyun azalması nəticəsində yaranıb. İmmuniteti zəif olanlarda xəstəlik uzunmüddətli və ağır olur. Müasir səhiyyədə belə halların qarşısının alınması heç də mürəkkəb məsələ deyil və xəstəxanalar lazım olan dərman və tibbi ləvazimatlarla təchiz olunub. Hər şey nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri İmran Abdullayev məlumat verib ki, hadisə baş verən gün gecə yarıyadək xəstələrin hər biri ilə sorğular, onların qidalanmaları və istifadə etdikləri su mənbələri ilə bağlı araşdırmalar aparılıb. Müayinələr infeksiya mənbəyinin çiy su olduğunu aşkar etsə də, onun necə və hansı şəraitdə çirklənməsi aydınlaşmayıb. Hazırda bu sahədə tədqiqatlar aparılır.

Sonra mətbuat konfransının iştirakçıları jurnalistləri maraqlandıran suallara cavab veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.