MƏDƏNİYYƏT
Uşaqlar bizim gələcəyimizdir
Bakı, 31 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 31-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaqlar bizim gələcəyimizdir” adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin foyesində Bakı Sosial Pedaqoji Kollecinin tələbələrinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Sevinc Nurullayeva bildirib ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Həmin tarixdən etibarən dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarixlə əlaqədar olaraq ölkəmizdə müxtəlif tədbirlər keçirilir.
Tədbirdə “Azərbaycana Birgə Yardım” Təşkilatının üzvləri olan əlil və fiziki qüsurlu uşaqların ifasında rəqslər, musiqi nömrələri, şeirlər səsləndirilib. Bakı şəhər gözdən əlil uşaqlar üçün 38 nömrəli uşaq musiqi məktəbinin şagirdi Nurlan Əhmədov, Nərgiz Məmmədova və başqalarının ifaları, Bakı Sosial Pedaqoji Kollecinin tələbəsi Şəbnəm Əhmədovanın işədiyi əl işləri və rəngli boya ilə çəkdiyi rəsm əsərləri tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.