MƏDƏNİYYƏT
Uşaqlar üçün çəkilmiş bədii filmin təqdimatı olacaq
Bakı, 4 may, AZƏRTAC
Mayın 7-də Nizami Kino Mərkəzində “Dərs” tammetrajlı bədii filminin təqdimatı olacaq. Uşaqlar üçün nəzərdə tutulan bu film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilib.
Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, film məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, onların dünyagörüşünün formalaşmasından bəhs edir.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rollarda Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və başqa məktəblilər çəkiliblər. Ekran əsərində uşaqlardan əlavə, Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları da rol alıblar.
Təqdimatdan sonra filmin Bakıda və bölgələrdə kütləvi nümayişlərinin keçirilməsi planlaşdırılır.