CƏMİYYƏT
Uşaqlar üçün növbəti laboratoriya təlimi təşkil olunub
Bakı, 19 aprel, AZƏRTAC
IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində aprelin 19-da növbəti təlim keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, hər il aprelin 22-də bütün dünyada qeyd edilən “Yer günü” ərəfəsində keçirilən təlim Yer kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunmasına, təbii resursların qənaətli istifadəsinə, tullantıların azaldılmasına həsr olunub.
Laboratoriya zamanı Yer kürəsinin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunub, uşaqlara ətraf mühitin qorunmasının vacibliyi, gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı addımlar barədə ətraflı məlumat verilib.
Daha sonra “kiçik ekoloqlar” tullantılardan kiçik incəsənət nümunələrinin hazırlanmasında, əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə iştirak ediblər.
Aprel laboratoriyası uşaqlarda təbiətin mühafizəsinin vacibliyi haqqında dərin təəssürat oyatmaqla yanaşı, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verib.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.