CƏMİYYƏT


Uşaqlarda əmələ gələn tez yorulma hallarına  kardioloji problemlər səbəb ola bilər

Bakı, 7 iyul, AZƏRTAC 

Bəzən valideynlər uşaqlarda ürək ritminin artmasından şikayət edirlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayev ATU-nun mətbuat xidmətinə bu barədə müsahibəsində bunun adi hal olduğunu bildirib.

Həkim deyib: “Uşaqlarda ürək döyüntüləri böyüklərə nisbətən daha çoxdur. Misal üçün böyüklərdə ürək dəqiqədə 60, 70, 80 dəfə döyünürsə, uşağın yaşından asılı olaraq, bu rəqəm 110, 120 və 130-a qədər arta bilər. Bu, xəstəlik deyil. Bəzən uşaqlarda kardioqram çəkildikdə də ürək döyüntülərinin artması müşahidə edilir ki, bunun da müxtəlif səbəbləri var. Misal üçün yeni doğulmuşların bədənində kardio alətlərin normal dayanmaması və ya orta yaşlı uşaqlarda müayinə zamanı əmələ gələn qorxu və həyəcan hissi ürək döyüntülərinin artmasına səbəb ola bilər. Lakin istənilən halda müayinə vacibdir. Belə ki, bəzən bu hal yaranmış hansısa problemin xəbərçisi də ola bilər. Bu səbəbdən narahatlıq yarandığı təqdirdə kardioqramın çəkilməsi vacibdir. Bundan əlavə, onu da qeyd etmək lazımdır ki, uşaqlarda ürək döyüntülərinin zəif və ya az olması daha ciddi problemdən xəbər verə bilər ki, bu zaman ciddi kardioloji müayinə aparılmalıdır”.

Kardioloq bildirib ki, ümumiyyətlə, uşaqlarda ürəklə bağlı narahatlıq yarandıqda, ümumi pediatra və ya nevropatoloqa deyil, sırf kardioloqa müraciət etmək lazımdır. Bundan əlavə, uşaqda həmyaşıdlarına nisbətən fiziki inkişafdan geri qalma, çəkinin yaşına uyğun olmaması, tez yorulma halları müşahidə edildikdə onun kardioloq müayinəsindən keçməsi vacibdir. Kardioqram, exokardioqrafiya müayinələri zamanı ultrasəs dalğalarından istifadə olunur ki, bunun da uşaqlara heç bir ziyanı yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.