CƏMİYYƏT
Uşaqlarda fiziki və psixo-emosional inkişaf geriliyi mövzusunda seminarlar
Bakı, 17 mart, AZƏRTAC
2 nömrəli Bakı Baza Tibb Kollecində 3 yaşınadək olan uşaqların fiziki və psixo-emosional inkişafında geriqalma hallarının erkən aşkarlanması və vaxtında düzgün müdaxilə edilərək əlilliyin qarşısının alınmasına dair seminarlar keçirilib. Seminarlar “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının həyata keçirdiyi layihələr əsasında təşkil olunub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarlarda kollecdə təkmilləşdirmə kursları keçən pediatriya xidmətində çalışan tibb bacıları iştirak edib. Fiziki və psixo-emosional inkişafa dair məruzələrdə erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixoloji və sosial amillərin təsiri, inkişaf pediatriyasının prinsipləri və fənlərarası yanaşmalar barədə məlumat verilib. Seminarda inkişafdan geriləmə, onun erkən aşkarlanması və bu sahədə görülən profilaktik tədbirlərin əhəmiyyəti barədə ətraflı söhbət gedib.
Tələbələr seminar zamanı AİDS, narkomaniya və vərəmlə mübarizə, sağlam həyat tərzi, qan donorluğu, ilkin tibbi yardım və digər mühüm məsələlərlə də əlaqədar mühüm məlumatlar əldə ediblər.