CƏMİYYƏT
Uşaqlarda inkişaf ləngiməsi və onun həlli yolları ilə əlaqədar təlim keçirilib
Bakı, 6 iyun, AZƏRTAC
Ankara Universiteti Tibb Məktəbinin inkişaf pediatriya kafedrasında tətbiq olunan Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) uşaqlar arasında inkişafın ləngiməsi hallarının erkən aşkarlanması, vaxtında müalicə olunması və əlilliyin azalması məsələləri ilə məşğul olur. İki ildir ki, ölkəmizin tibb müəssisələri İDİR-nin tətbiqi ilə bağlı beynəlxalq əməkdaşlıq edir.
AZƏRTAC xəbər verir ki, UNİCEF-in dəstəyi ilə Ankara Universiteti Tibb Məktəbinin inkişaf pediatriya kafedrası ölkəmizin tibb təhsili müəssisələrinin əməkdaşları üçün İDİR-nin istifadəsini həyata keçirənlər üçün təlim təşkil edib. Təlim iştirakçılarına İDİR nəzəriyyə, fəlsəfə və konsepsiyasına dair biliklər çatdırılıb, onlar beynəlxalq rəhbərliyin nəzəri və təcrübi əsasları ilə tanış olub və İDİR-nin istifadəsi üzrə klinik təcrübələr keçiblər. Təlim sessiyasında erkən uşaqlıq dövründə inkişaf və davranışa bir çox tibbi, psixi və sosial amillərin təsiri barəsində məlumatlar verilib, inkişaf pediatriyasının prinsiplərinə və fənlərarası yanaşmalara xüsusi yer ayrılıb.
Təlimdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosentləri Zemfira Quliyeva, Fəxrəddin Qarayev, Mətanət Qaraxanova, assistent Elnarə Zeynalova, nevrologiya kafedrasının əməkdaşı Mehriban Əliyeva və ailə təbabəti kafedrasının əməkdaşı Səidə Əliyeva iştirak ediblər.
Yeni tədris ilində pediatriya, nevrologiya və ailə təbabəti kafedralarında ixtisasartırma kurslarının proqramlarına İDİR-nin daxil edilməsi nəzərdə tutulur.