MƏDƏNİYYƏT


Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənc Tamaşaçılar Teatrında yeni tamaşa

Bakı, 1 iyun, AZƏRTAC

Daim yeniliklərə imza atan, teatr-məktəb əlaqələrinin möhkəmlənməsi istiqamətində mühüm işlər görən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir layihə reallaşdırılıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə teatrda yeni tamaşa hazırlanıb. Bu tamaşanın özəlliyi ondan ibarət olub ki, səhnədə teatrın gənc və peşəkar aktyorları ilə yanaşı, məktəblilər də öz məharətlərini göstərmək imkanı əldə ediblər.

Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorlarının və 6 nömrəli məktəb-liseyin IB proqramı üzrə təhsil alan şagirdlərinin ifasında təqdim olunan yeni tamaşa Azərbaycan xalq nağılı “Məlikməmməd” əsasında hazırlanıb.

Tamaşanın nümayişindən əvvəl teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, tamaşanın quruluşçu rejissoru, Xalq Artisti Ağaxan Salmanlı çıxış edərək Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixi, ölkəmizdə bu bayramın yüksək səviyyədə keçirilməsi, habelə tamaşanın yaradıcı heyəti haqqında ətraflı məlumat veriblər.

Altı nömrəli məktəb-liseyin direktoru, Əməkdar Müəllim Gülşən Orucova tamaşada çıxış etmək təşəbbüslərini qəbul edərək hər cür şərait yaratdığına görə Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra yeni tamaşa nümayiş olunub. Süjet xətti uşaqdan-böyüyə hər kəsə yaxşı bəlli olan səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Xalq Artisti Ağaxan Salmanlının quruluşunda səhnələşdirilmiş yeni tamaşanın rejissoru Elnur Hüseynov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, geyim üzrə rəssamı Ləman Salmanlı, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşçusu Elvin Nuridir.

Birhissəli nağıl-tamaşada əsas obrazları teatrın aktyorlarından Rəşad Səfərov, Anar Seyfullayev, Ramil Məmmədov, Ramiq Nəsirov, Elgün Yəhyayev və başqaları, 6 nömrəli məktəb-liseyin şagirdlərindən Fatimə Hüseynova, Nailə Nurəliyeva, Ayla İsmayılova, Selcan Mehdi, Leyla Budaqova, Əli Həşimli və digərləri ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.