REGİONLAR
Uşaqların IV Ümumrespublika Forumunun cənub bölgəsindən olan iştirakçıları seçilib VİDEO
Lənkəran, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu il Azərbaycanda keçiriləcək Uşaqların IV Ümumrespublika Forumunda iştirak edəcək məktəblilərin seçilməsi məqsədilə regional görüşlər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti belə görüş Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Salyan və Neftçala rayonlarından olan uşaqlarla fərdi şəkildə müsahibələr aparılıb. Hər bir rayondan fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə edən iki uşaq forumda iştirak etmək hüququ qazanıb.
Regional görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev bildirib ki, Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun keçirilməsində məqsəd uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltməkdir. Ölkəmizin digər bölgələrində də bu cür istedadlı uşaqların seçilməsi məqsədi daşıyan görüşlər aprel ayında davam etdiriləcək.
Regional görüşdə, həmçinin AZƏRTAC-ın Uşaq Bilik Portalının (www.portal.azertag.az) təqdimatı keçirilib. Səkkiz rayondan şagirdlərin və müəllimlərin iştirak etdiyi təqdimat mərasimində AZƏRTAC-ın əməkdaşı Xəyalə Məmmədova çıxış edərək, portal barədə məlumat verib. Bildirib ki, 2013-cü ildən fəaliyyət göstərən portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Portalda tarix, mədəniyyət, elm və digər mövzular, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar təqdim olunur, “Azərbaycan”, “Xəbərlər”, “Ensiklopediya”, “Bizi əhatə edən dünya”, “Nənənin sandıqçası” və digər bölmələr fəaliyyət göstərir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara da yer ayrılır.
Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Sonra Uşaq Bilik Portalına həsr olunan videoçarx təqdim edilib.
Tədbir çərçivəsində “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual oyununun zona mərhələsi də keçirilib. Bu mərhələdə cənub bölgəsinin rayonlarını təmsil edən komandaların tərkibinə daxil olan 100-ə yaxın şagird mübarizə aparıb.
Yarışda fərqlənən Lənkəran komandası final turunda iştirak etmək hüququ qazanıb. Final yarışları aprel ayında Bakıda keçiriləcək.
Komandaların üzvlərinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin diplomları təqdim edilib.