REGİONLAR
Uşaqların əl işlərindən ibarət sərgi böyük marağa səbəb olub
Culfa, 10 noyabr, AZƏRTAC
Muxtar respublikanın Culfa şəhərində istedadlı uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində təşkil edilən sərginin uşaqların bədii yaradıcılığa olan maraqlarının artması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Rayon təhsil şöbəsinin müdiri Adəm Qasımov, mədəniyyət və turizm şöbəsinin müdiri Mübariz Möhsünov çıxışlarında qeyd ediblər ki, doğma Naxçıvanımızın zəngin təbiət mənzərələri, qədim memarlıq abidələri, tarixi və turizm mərkəzləri, adət-ənənələri istedadlı uşaqların bir-birindən maraqlı əl işlərində əksini tapıb. Milli ruha, soykökə bağlılıq kimi ülvi hisslər də onların işlərinin əsas qayəsini təşkil edir.
Sonra sərgiyə baxış olub.
Dekorativ tətbiqi sənət nümunələri, rəsm əsəri, vitraj texnikası ilə işlənən nümunələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Sərgidə sağlamlıq imkanları məhdud uşaqların əl işləri də diqqəti cəlb edib.