CƏMİYYƏT
“Uşaqların təhsildən yayınması və erkən nikahların qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların təhsildən yayınması və erkən nikahların qarşısının alınması məqsədilə Xəzər rayonu, Türkan qəsəbəsindəki 119 saylı orta məktəbdə maarifləndirici görüş keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva və Komitənin əməkdaşları, Xəzər Rayon İcra hakimiyyətinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri, qəsəbə sakinləri, məktəbin şagird, müəllim heyəti və valideynlər iştirak ediblər.
Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva erkən nikah faktlarının qarşısının alınmasında bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd etmişdir. Bakı kəndlərində qızların təhsildən yayınma hallarının, həmçinin erkən nikah faktlarının mövcud olduğunu qeyd etmiş, bu problemlərin həllinə kompleks şəkildə yanaşmanın və əlaqəli qurumların əməkdaşlığının vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edənlər erkən nikah hallarının yaranma səbəbləri və erkən nikahın qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Komitənin regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva 2015-ci ildə Xəzər rayonu sakinlərinin erkən nikaha dair münasibətini öyrənmək məqsədilə keçirilən sorğunun nəticələri ilə tədbir iştirakçılarını tanış etdi.