REGİONLAR
Uşaqların ürəyi Qarabağda döyünür VİDEO
Füzuli, 29 aprel, AZƏRTAC
Füzuli rayonunun Böyük Bəhmənli kəndindəki Tibb Mərkəzində "Uşaqların ürəyi Qarabağda döyünür" devizi altında 1-10 yaşlı uşaqlarda anadangəlmə ürək qüsurları əməliyyatları həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, əməliyyatlar Respublika Diaqnostika Mərkəzinin invaziv kardiologiya və ürək-damar xəstəlikləri şöbəsinin tanınmış mütəxəssisləri tərəfindən təmənnasız aparılır. Əməliyyat zamanı Müalicəvi Diaqnostika Mərkəzinə məxsus ən son texnoloji aparat və avadanlıqlardan istifadə edilir.
Aksiya zamanı, həmçinin Füzuli rayonunda məskunlaşan məcburi köçkün və yerli rayon əhalisinin müayinəsi də aparılır, gizli ürək xəstəlikləri və risk amilləri araşdırılır. Ürək xəstəliyi aşkarlanan xəstələrin müayinə və müalicələri təşkil olunur.
Aksiya çərçivəsində həkimlərin iştirakı ilə “Anadangəlmə ürək xəstəliklərində yeniliklər” adlı elmi-praktiki konfrans da keçirilib. Qeyd edilib ki, uşaqların sağlamlığı Səhiyyə Nazirliyinin xüsusi diqqət yetirdiyi prioritet məsələlərdəndir. Uşaqların sağlam gələcəyini təmin etmək məqsədilə müxtəlif layihələr və aksiyalar təşkil olunur.
Bu silsilədən olan növbəti aksiya son günlərdə cəbhə xəttində yaranan gərginlikdən əziyyət çəkən Füzuli rayon sakinləri üçün böyük əhəmiyyət kəsb edir. Cəbhəyanı zonada yaşayan uşaqların sağlamlığına göstərilən diqqət və qayğı rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.