CƏMİYYƏT


Uşaqların zorakılıqdan qorunmasına həsr olunmuş konfrans keçirilmişdir

Bakı, 19 noyabr (AzərTAc). Noyabrın 19-da Bakıda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı və “Ümidli Gələcək” Gənclər Təşkilatı tərəfindən “Uşaqların zorakılıqdan qorunmasında sosial siyasətin rolu” mövzusunda konfrans keçirilmişdir. Tədbir Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman Aparatı və BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq çərçivəsində təşkil olunmuşdur.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, uşaqlara qarşı yönəldilən zorakılıq hallarının qarşısının alınması ilə bağlı mükəmməl hüquqi bazanın yaradıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, bu istiqamətdə geniş maarifləndirmə işi aparılır. Respublikamızın şəhər və rayonlarında, kənd yerlərində yaşayan uşaqların problemləri, uşaq hüquqlarının pozulması, o cümlədən məişət zorakılığı ilə bağlı Müvəkkilə dərhal müraciət etmək məqsədi ilə Ombudsman təsisatında 24 saat ərzində fəaliyyət göstərən 916 nömrəli qaynar xətt yaradılmışdır. Daxil olmuş müraciətlər araşdırılır və müvafiq tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, UNICEF-in nümayəndəsi Ramiz Behbudov və başqaları ölkədə uşaqlara qarşı zorakılığın aradan qaldırılması üçün həyata keçirilən tədbirlər və fəaliyyət istiqamətləri barədə məlumat vermişlər. Bildirilmişdir ki, problemləri olan uşaq və gənclər reabilitasiyaya cəlb edilərək onlara sosial-psixoloji və hüquqi yardım göstərilir. Uşaqların əməyə cəlb olunması və təhsildən yayınmasının qarşısının alınması istiqamətində dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə monitorinq keçirilmiş və nəticələr hökumətə təqdim olunmuşdur.
Çıxışlarda problemin həlli istiqamətində görüləcək işlərdən danışılmış, bununla bağlı statistik göstəricilər illər üzrə müqayisəli təhlil olunmuşdur.
Konfransda uşaqlara qarşı zorakılığın aradan qaldırılmasına dair faydalı müzakirələr aparılmış və müvafiq təkliflər irəli sürülmüşdür.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.