MƏDƏNİYYƏT
“Ustad” jurnalının ikinci nömrəsində...
Bakı, 1 iyul, AZƏRTAC
“Hədəf Nəşrləri”nin təsisçiliyi ilə çap edilən “Ustad” jurnalının ikinci nömrəsi işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, bu nömrədə Şəmil Sadiqin “Ədəbiyyatın onları”, Müşfiq XANın “Nədən və necə yazmalı?”, Məmməd Məmmədovun “Kosa və Keçələ fərqli baxış”, Yusif Əli Əfşarın “Dünyanın keçilməz məkanı – Çanaqqala”, Elçin İbrahimovun “Bir əsrdə üç əlifba” kimi müəllif yazıları yer alıb.
Jurnalda dünyanın müxtəlif yerlərindən yazan müəlliflərin məqalələri də dərc edilib. Fərqli və maraqlı mövzularda yazılmış bu məqalələr sırasında - Dimes Hak Alerlinin (Türkiyə) “Türk İrfan idrakı işığında Şah Xətai və qızılbaşlıq”, Atacan Taqanın (Türkmənistan) “Qaraberetli Fikrət Qocanın tələbəliyi”, Orhan Arasın (Almaniya) “Sən haradasan, Çiçero?” yazılarını oxumaq olar.
Jurnalda maraqlı müsahiblər də yer alıb. “Ustad”da müzakirə və sorğular da diqqəti çəkir.
Jurnalın “reportaj bölümü”nü Səma Fuadqızı və Aytəkin Mirişovanın rəssam emalatxanasından hazırladıqları “Ermənilərdə keramika sənəti yoxdur, çünki onlar gəlmədirlər” adlı yazı daha da oxunaqlı edib.
“Ustad” İran ədəbiyyatını hər zaman gündəmdə saxlamağa çalışdığından bu sayında Məhəmməd Tağı Zehtabinin “Su deyibdir mənə əvvəldə anam, ab ki yox” başlığı ilə təqdim olunan şeirlərini və Pərvanə Məmmədlinin “Çağdaş Güney nəsrində milli kimlik axtarışları” məqaləsinin təqdimatı ilə Toğrul Atabayın “Manqurt” hekayəsini təqdim edib.
Jurnal hər zaman olduğu kimi bədii mətnlərə də yer ayırıb. Bu dəfə “keçmişdən salam” rubrikasında gözəl şeirlər müəllifi olan, amma geniş oxucu auditoriyasının bir o qədər da tanımadığı Hüseyn Əfəndinin şeirləri “Səni yaşayıram ömür yerinə” adı ilə təqdim edilib.
“Ustad” “tərcümə” rubrikasında Səbuhi Şahmursoyun tərcüməsində Q.Kosikovun “Sülli Prüdom yaradıcılığı” məqaləsi və Rövşən Danyerinin tərcüməsində Selincerin özünün dərc olunmasını qadağan etdiyi “Paula” hekayəsi ilk dəfə təqdim olunub.