CƏMİYYƏT
Utancaq uşaqlar piylənmədən daha çox əziyyət çəkir
Bakı, 22 noyabr, AZƏRTAC
ABŞ-ın Emori Universitetinin (Corciya ştatı) tədqiqatçıları sübuta yetiriblər ki, utancaq uşaqlar qeyri-sağlam yeməklərə yaşıdlarına nisbətən daha çox üstünlük verirlər. AZƏRTAC “Science World Report” saytına istinadla xəbər verir ki, diribaş uşaqlarla müqayisədə utancaq uşaqların fiziki fəallığı zəif olur.
Alimlər bütövlükdə 8 346 uşaq haqqında məlumat toplayıblar. Əvvəlcə 9-11 yaşlı bu uşaqların çəki göstəriciləri öyrənilib. Sonra bu məlumatlar onların psixi inkişaf səviyyəsi və sosiumda fəallıq dərəcəsi ( valideynlər, sinif yoldaşları və dostlar ilə ünsiyyət) ilə əlaqələndirilib. Bundan əlavə, alimlər hər uşaq üçün anket tərtib ediblər, yeni dost tapmağın, kiminləsə tanış olmağın onlar üçün nə dərəcədə asan və ya çətin olduğunu müəyyənləşdiriblər.
Məlum olub ki, sosial fəallığın aşağı səviyyədə olması piylənmə ilə bağlıdır. Bu halda nəyin səbəb, nəyin nəticə olduğunu demək çətindir. Çox güman, yaşıdları ilə dostluq münasibətləri qurmaqda çətinlik çəkən uşaq bu uğursuzluğu kompensasiya etmək üçün yağlı və qeyri-sağlam yeməklərə üstünlük verir.